28.02.2015

Şagirdlərimiz bu dəfə "Atəşgah"da



Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Məmmədova 5k sinfinin  "Atəşgah"a ekskursiyasını təşkil etmişdir. Azərbaycan dili dərsindən "Atəşgah"la qiyabi şəkildə tanış olan şagirdlər kitabdan oxuduqlarını burada əyani şəkildə görmüş və abidənin tarixi barədə geniş məlumat əldə etmişlər.




Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması barədə

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara almışdır.
Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət, şagird kontingentinin uçotunun sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları elektron sistemin üstünlüklərindəndir.

"Məktəb müəllimləri tərəfindən valideynlərin kurikulum sahəsində maarifləndirilməsi" təlim kursları davam edir

Bu gün məktəbimizdə valideynlərin kurikulum sahəsində maarifləndirilməsi üçün aparılan növbəti təlim kursları keçirilmişdir. Bu dəfəki təlimlər də valideynlər tərəfindən maraqla qarşılanmışdır. Təlimlərin sonunda valideynlər dinlənilmiş, sualları cavablandırılmış, irad və təklifləri qeydə alınmışdır.

27.02.2015

Xocalı soyqırımı uşaqların gözü ilə..


Məktəbimizin ibtidai sinif şagirdləri də Xocalı soyqırımının anılmasına biganə qalmamış, həlak olmuş soydaşlarımızın xatirəsini yad etmək üçün tədbir hazırlamışlar. Tədbir bütün ibtidai sinifləri  əhatə etmişdir. Kiçikyaşlı şagirdlərimiz Xocalı faciəsini əks etdirən səhnəciklər göstərmiş, şeirlərlə çıxış etmişlər. 
Hazırlanan tədbirdən görünür ki, kiçikyaşlı şagirdlərimiz faciə barəsində yetəri qədər məlumatlıdırlar.
Yaşanan dəhşətləri unutmamışıq və unutdurmayacağıq!


26.02.2015

KHOJALY GENOCIDE - THE TRAGEDY OF THE 20TH CENTURY (20-ci əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımı)


Today is the day of the Khojaly genocide - the most terrible tragedy of the 20th century. The pupils of our school organized a ceremony in English to show the innocent people's scream to the world who were killed in Khojaly. They told poems, sang songs, presented videos & spectacles about our people's bravery and armenian terror in the ceremony. Each pupil of our school proved with the performance that they deserved our land. Azerbaijani people are proud of such patriotic children...

Bu gün 20-ci əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımı günüdür. Məktəbimizin şagirdləri Xocalıda həlak olmuş günahsız insanların fəryadını dünyaya çatdırmaq üçün İngilis dilində tədbir hazırlamışdır. Tədbirdə Xocalı dəhşətlərini, erməni vəhşiliklərini və xalqımızın mərdliyini əks etdirən şeirlər söylənmiş, mahnılar oxunmuş, video çarxlar və səhnəciklər nümayiş etdirilmişdir. Şagirdlərimiz hər biri öz çıxışı ilə Vətənə layiq övlad olduqlarını sübut etmişdir. Xalqımız belə vətənpərvər övladları ilə fəxr edir!

1- ci hissə

2-ci hissə

3-cü hissə

24.02.2015

Xocalı soyqırımını unutmadıq! 23 il

Məktəbimizdə Şagird Məclisinin Asudə vaxtın təşkili komissiyasının üzvləri tərəfindən təşkil edilmiş "Xocalı soyqırımını unutmadıq!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən səhnəciklər göstərildi. Şagirdlərimiz tariximizi unutmadıqlarını, şəhidlərimizin ruhunu uca tutduqlarını bir daha sübut etdilər.
Allah şəhidlərimizə rəhmət eləsin!


Xocalı soyqırımı (1-ci hissə)

Xocalı soyqırımı (2-ci hissə)


21.02.2015

Məktəb müəllimləri tərəfindən valideynlərin kurikulum sahəsində maarifləndirilməsi


Məktəbimizdə valideyn-müəllim, valideyn-məktəb, məktəb-şagird münasibətlərinin tənzimlənməsi, valideynlərin kurikulum sahəsində maarifləndirilməsi və ümumi narazılıq yaradan məsələlərin müəyyən edilərək aradan qaldırılması məqsədilə yaradılmış işçi qrupunun ibtidai siniflər üzrə heyəti fəaliyyətə başlamışdır. Qrup ilk iclaslarını 1-ci siniflərin valideynləri ilə təşkil etmişdir. İclaslarda kurikulum barədə ümumi məlumat verilmiş, ən çox narazılıq yaradan məsələlərə aydınlıq gətirilmişdir. İclasların sonunda valideynlərin irad və təklifləri dinlənilərək qeydə alınmışdır. Valideynləri daha çox narahat edən, siniflərdə şagird sayının çoxluğu, məktəb qapısında mühafizənin olmaması, məktəbin yaxınlığından keçən avtobusların azlığı və gec-gec işləməsi və s. məsələlər olmuşdur. Nəzərinizə çatdıraq ki, iclasların sonunda qeyd olunmuş məsələlər mövcud problemlərin həlli üçün təkliflərlə birlikdə hesabat şəklində məktəb müdiriyyətinə təqdim olunacaqdır.
Məqsədimiz məktəbdə cəmiyyətimiz üçün yararlı, sağlam düşüncəli insanlar yetişdirmək üçün normal mühit yaratmaqdır!


Elçin Şəmiyev adına 149№-li tam orta məktəb "İstedad sorağında " I mərhələ


Bu gün məktəbimizdə xüsusi bacarığı olan şagirdlərin müəyyən edilməsi üçün təşkil edilmiş "İstedad sorağında" müsabiqəsinin ilkin seçim mərhələsi keçirilmişdir. Müsabiqə bütün sinifləri əhatə etmişdir. Şagirdlərin yüksək qabiliyyətləri münsiflər heyətinin marağına səbəb olmuşdur.  İştirak edən 21 şagirddən 11-i ikinci mərhələdə iştirak hüququ qazanmışdır.  
Növbəti mərhələnin iştirakçılarına müvəffəqiyyətlər diləyirik!




21 fevral Beynəlxalq Ana dili günüdür


21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

20.02.2015

Azərbaycan dili fənnindən açıq dərs


Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Hacıyeva 6b sinfində fəal təlim üsullarının tətbiqi ilə "Mürəkkəb zərflər və onların yazılışı" mövzusunda açıq dərs keçirmişdir. Dərsdə şagirdlər fəal iştirak etmiş və müəllimin tapşırıqlarını həvəslə yerinə yetirmişlər. Kiçik qruplarla iş zamanı bütün qruplar geniş və əhatəli təqdimatlar etmişlər. Dərsin sonunda yeni mövzu şagirdlər tərəfindən tam mənimsənilmişdir.
Müəllimə və şagirdlərinə növbəti dərslərində uğurlar diləyirik!





19.02.2015

Məktəb Şurasının iclası keçirildi


Bu gün Məktəb Şurası növbəti iclasını keçirdi. İclasda hazırkı problemli məsələlər müzakirə olunaraq təkliflər hazırlandı və yerinə yetirilməsi üçün tapşırıqlar verildi. Şagird kontingentinin çoxluğu (3609 şagird) və məktəb binasının şagird sayına uyğun olmaması  məktəbdə problemlərin artmasına səbəb olur. Məktəbin arxa hissəsinin səliqəyə salınması, şagirdlərin məktəbə rahat giriş və çıxışının təmin edilməsi üçün yeni qapının açılması, kurikulumla bağlı valideynlərin maarifləndirilməsini təşkil etmək və şagirdlərin şəxsi işlərini yoxlamaq üçün ibtidai və yuxarı siniflərdə işçi qrupların yaradılması,  müxtəlif məsələlər üzrə məktəbdəki vəziyyətin öyrənilməsi üçün monitorinq qrupunun təşkil edilməsi, məktəb inventarlarının qorunması, şagirdlərin nizam-intizam qaydalarına riayət etmələrinin təmin edilməsi üçün sinif rəhbərlərinin sinif üzərində nəzarətini gücləndirmək, ibtidai siniflərdə İngilis dili fənninin tədrisi vəziyyətinin yüksəldilməsi üçün tədbirlər həyata keçirilməsi, dərsdinləmələrin sistemli şəkildə təşkili, Gənclər Birliyinin yaradılması, İdman zalında şagirdlərə nəzarətin gücləndirilməsi məsələləri müvafiq şəxslərə həvalə olundu və növbəti Şura iclasına qədər hesabatların hazırlanması tapşırıldı. 
Bütün bu tədbirlərin həyata keçirilməsi ilə mövcud problemlərin böyük faizinin həllinə nail olunacağı gözlənilir.

17.02.2015

TQDK İctimaiyyətin nəzərinə!

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılmışdır.

V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla). 

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 

Qeyd etmək lazımdır ki, yeni dəyişikliklərə əsasən bu ildən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıtərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləriburaxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

16.02.2015

Uğur sorağında intellektual klubu. VI sinif Final

Uğur sorağında intellektual klubu bu gün 6-cı siniflərin Final mərhələsin keçirdi. 6a və 6m sinifləri arasında keçirilən bu yarışda, 6m sinifi suallara doğru cavab verərək uğur qazandı 1-ci yerə laiq görüldü. Komandalara klub tərəfindən diplom və hədiyyələr təqdim olundu.

Şagirdlərimizə uğurlarının davamlı olmasını diləyirik!

Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.








13.02.2015

Xəzər rayon "İstedad 2015" müasbiqəsi keçirildi.


Xəzər rayon "İstedad 2015" müasbiqəsi keçirildi. Müasbiqədə məktəbimizin şagirdləri iştirak etmişdir.  Müsabiqədə iştirak huququ qazanmış şagirdlərimiz Haqnəzərov Royal, Əliyeva Aytən və Babayev Şahverən səsləri  ilə izləyiciləri heyrətə saldı. Hərkəsin diqqətini cəlb etdilər.





Uğur sorağında intellektual klubu. VI sinif

Uğur sorağında intellektual klubu, bu gün 6-cı siniflərin növbəti yarışını keçirdi. 
VI ə, i, q, k, m  sinifləri arasında keçirilən yarışmada  6m sinfi rəqiblərini üstələməklə finala vəsiqə qazandı. Finalda 6m sinfi 6a sinfi ilə qarşılaşacaq.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova

Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.







12.02.2015

TQDK tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının tarixləri elan olunub



Ərizə qəbulu01 aprel - 30 aprel
Qəbul imtahanı (əvvəlki illərin məzunları)
II və III qruplar üzrə17 may
I və IV qruplar üzrə 24 may
Qəbul imtahanı (cari ilin məzunları)
I və IV qruplar üzrə14 iyul
II və III qruplar üzrə                                                                       25 iyul

Şagird Məclisinin növbəti iclası keçirildi



Bu gün Şagird Məclisinin növbəti iclası keçirildi. İlk iclasda şagirdlərlə müzakirə olunan məsələlərin həlli istiqamətində görülmüş işlərə nəzər salındıqdan sonra şagirdlərin məktəbdə qarşılaşdıqları probləmlər dinlənildi, onların sualları cavablandırıldı və müxtəlif məsələlər barədə hazırladıqları təkliflər dinlənildi. Daha sonra irad və təkliflər qutusu Məclis üzvlərinin iştirakı ilə açılıb oxundu, yazılan məsələlər müzakirə olunaraq qeydlər aparıldı, komissiyalara müvafiq tapşırıqlar verildi.





9.02.2015

Uğur sorağında intellektual klubu. X sinif


Bu gün məktəbimizin Uğur sorağında İntellektual Klubunun 10-cu siniflər arasındakı yarışı keçirildi. Yarışma uğurlu və çox maraqlı keçdi. 10a, 10b, 10c, 10ç və 10d sinifləri arasında keçirilən bu yarışmada 10a sinfi rəqiblərinə qalib gələrək 1-ci, 10c 2-ci, 10ç 3-cü yerin qalibi oldu. Qalib komandalara klub tərəfindən diplom və hədiyyələr təqdim olundu.

Şagirdlərimizə uğurlarının davamlı olmasını diləyirik!



Sədr:         Ləman Hacıyeva, 
Müavin :   Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.


6.02.2015

Uğur sorağında intellektual klubu. VI sinif

Uğur sorağında intellektual klubunun  bugünkü yarışı 6-cı siniflər arasında keçirildi. 
VI a, b, c, ç, d, e sinifləri arasında keçirilən yarışmada  6a sinfi rəqiblərini yüksək nəticə ilə üstələməklə finala vəsiqə qazandı.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!







Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.


I sinfə qəbul sistemi hazırlanır

Bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutmuşdur.
Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır.
Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I  sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlamışdır.
Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilmiş, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılmışdır.
Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilmişdir.

4.02.2015

Şagird Məclisi

 Bu gün məktəbimizdə Şagird Məclisinin ilk iclası kecirildi. İclasda məktəbin və şagirdlərin gündəlik məsəllələri müzakirə olundu. Şagirdlər öz fikirlərini məktəb rəhbərliyinə bildirdi. İclasda məclisin spikeri, vitse -spikerləri, katib və komissiya üzvləri səsvermə yolu olə seçildi.

   Spiker:           Əliyeva Süphanə
   Vitse spiker:  Həsənəliyev Kənan
                          Əsgərli Şükür
   Katib:       Abdulxalıqova Aydan




    Komissiya heyəti 5 qurupa bölündü:

1. Təhsildə keyfiyyətin yüksəldilməsi komissiyası.
2. Şagird hüquqlarının müdafiyəsi komissiyası.
3. Nizam-intizam və münaqişə komissiyası.
4. Asudə vaxtın təşkili komissiyası.
5. Mətbuat xidməti komissiyası.






2.02.2015

V siniflərin final yarışması keçirildi



Bu gün məktəbimizin Uğur sorağında İntellektual Klubunun V siniflər üçün final yarışması keçirildi. Yarışmada az bal fərqi ilə 5ə sinfi I yeri, 5ç sinfi II yeri və 5k sinfi III yeri tutdu. Hər üç sinfə diplomlar və qalib sinfə hədiyyələr təqdim edildi. 

Şagirdlərimizə uğurlarının davamlı olmasını diləyirik!



Sədr:         Ləman Hacıyeva, 
Müavin :   Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir.

Müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.

 Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.
Təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır. Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə).