1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 97 il ötür.