1.08.2015

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür


1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdarolmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.
Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Az-n dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Hiç yorum yok:

Yorum Gönder