20.01.2016

20 yanvar faciəsindən 26 il ötür

20 yanvar faciəsindən 26 il ötür


1990-cı ilin 20 yanvar günü  Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin  həm ən faciəli və hüznlü günlərindən biridir, həm də bir qəhrəmanlıq səhifəsidir...
Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri yeridildi. Azərbaycanda kommunist rejimi saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə  SSRİ rəhbərliyinin əmri ilə Bakıya yeridilən sovet ordusu rəsmi rəqəmlərə görə 35 min əsgərdən ibarət idi.


1990-cı il yanvarın 19-da Mixail Qorbaçov (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi, SSRİ-nin son prezidenti) Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Fərmana görə fövqəladə vəziyyət gece saat 00:00-da başlayacaqdı. Lakin yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıldı, respublikada televiziya verilişləri dayandırıldı.
Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – saat 00:00-dək artıq 9 nəfər öldürülmüş, Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də  səhər saat 7-də respublika radiosu ilə çatdırılmışdı.
Həmin vaxt – səhər saat 07:00-də öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzmiş,  hərbçilər hər yanı amansız atəşə tutmuşdu. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,  öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlmışdı.  Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri də atəşə tutulmuşdu.
O gecə Bakıda 134 mülki vətəndaş öldürüldü, 700-dən çox adam yaralandı.
Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var. Bu rəqəmlərə;  oğlunun acısına dözə bilməyib özünü öldüren atalar və sevgilisinin ölümüne dözməyib zəhər içərək canına qıyan qadınlar daxil değil.
“Şit” təşkilatı ekspertlərinin hesabatından:
- Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
- Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
 - Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
- “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
- Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər olmuşdur.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Əksər ölkələr 20 Yanvarı Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı...
- Azərbaycan, Sovet İttifaqından 1990-cı ilin 20 Yanvar günü psixoloji olaraq qopdu...
- Azərbaycan Sovet Sosialist Respublikasının adından sovet və sosialist sözləri çıxarıldı...
- Bayrak, milli marş və gerb dəyişdirildi...
- 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etti...
- 1992-ci ildə Azərbaycan Kommunist Partiyası öz fəaliyyətinə son verdi...
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciənin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü.
Ümummilli liderin 5 yanvar 1994-cü il tarixində 20 yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib.
Prezident İlham Əliyevin 17 yanvar 2000-ci il tarixində imzaladığı fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi. 
Bugün Bakının ən yüksək nöqtələrindən birində hər bir Azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.
Nəsillər dəyişəcək, lakin onların xatirəsi ürəklərdə əbədi yaşayacaqdır...

Hiç yorum yok:

Yorum Gönder